Hörmətli cənab Sədr,
Hörmətli Baş katib,
Xanımlar və cənablar,
İlk növbədə cənab Abdullo Şəhidi Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının növbəti sessiyasının Sədri vəzifəsinə seçilməsi münasibətilə təbrik etmək istəyirəm.
Hörmətli həmkarlar,
Sentyabrın 9-da Tacikistanın şanlı xalqı tarixi və unudulmaz bir hadisəni - ölkə müstəqilliyinin 30-cu ildönümünü qeyd etdi.
Müstəqilliyin ilk illərində ölkəmiz vətəndaş müharibəsinə sürükləndi, onun faciəli hadisələri ilə üzləşdi, çətin günlər yaşadı.
Müharibənin sona çatması, müharibə edən tərəflərin yaxınlaşması, sülhün və sabitliyin qorunması, eyni zamanda dünya ölkələri ilə diplomatik əlaqələrin və konstruktiv əməkdaşlığın qurulması bizim əsas vəzifələrimiz idi.
Mövcud çətinliklərə baxmayaraq, "açıq qapılar" və sülhsevər siyasət sayəsində dünya arenasında layiqli yer tutmağı və ölkənin davamlı inkişafını təmin etməyi bacardıq.
Hörmətli həmkarlar,
Müasir dünyada onsuz da qeyri-sabit olan vəziyyət geosiyasi və geoiqtisadi rəqabət, təhdid və təhlükələrin artan səviyyəsi, habelə yoluxucu xəstəliklərin görünməmiş vüsətlə yayılması ilə daha da qəlizləşir.
Mövcud vəziyyət, dövlətlərin müasir problemləri həll etmək üçün uzaqgörən və əlaqələndirilmiş siyasət yürütmək məsuliyyətini iki qat artırır.
Müasir dünya problemlərinin aradan qaldırılması üçün təsirli həll yollarının tapılmasında beynəlxalq və regional təşkilatların, xüsusilə Birləşmiş Millətlər Təşkilatının və onun ixtisaslaşmış qurumlarının əhəmiyyətli rolu var.
Cənab Sədr,
Əfqanıstanda baş verən və dərin siyasi, humanitar və idarəçilik böhranına gətirib çıxaran son hadisələr regional təhlükəsizliyə və sabitliyə ciddi təhlükə yaradır.
Tacikistanla 1400 kilometrlik ümumi sərhədi olan Əfqanıstanda yaşanan böhran vəziyyət hökumətimizi və xalqımızı biganə qoya bilməz.
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən terrorçu qruplar siyahısına daxil edilən “Taliban” hərəkatının hakimiyyətə gəlməsi bölgədə onsuz da mürəkkəb geosiyasi prosesi daha da çətinləşdirdi.
Talibanın Əfqanıstanın siyasi və etnik qüvvələrinin geniş iştirakı ilə inklüziv bir hökumətin qurulması ilə bağlı verdiyi vədləri yerinə yetirməməsi ciddi narahatlıq doğurur.
Tacikistan Əfqanıstan xalqına qarşı törədilən qanun pozuntularının, qətillərin, soyğunçuluğun və zülmün bütün formalarını şiddətlə qınayır.
Təəssüf ki, insan hüquqları üzrə ixtisaslaşmış təşkilatlar digər etnik qrupların və Əfqanıstan vətəndaşlarının, xüsusilə qadın və uşaqların hüquq və azadlıqlarının pozulması ilə bağlı susurlar və mövzuya dair heç bir fikir bildirmirlər.
Bu gün biz Əfqanıstanın Pəncşir əyalətində baş verən hadisələr nümunəsində beynəlxalq insan hüquqlarının faciəvi şəkildə pozulmasına şahidlik edirik.
Pəncşir sakinləri ərzaq və digər ilkin tələbat mallarından, eləcə də humanitar yardımdan məhrum edilib, Birləşmiş Millətlər və Beynəlxalq Qırmızı Xaç Komitəsi humanitar öhdəliklərini yerinə yetirmək üçün hələ də Pəncşirə daxil ola bilmir.
Mövcud vəziyyət humanitar fəlakətdir.
Bizimlə qonşu olan ölkədə daha çox siyasi sabitliyin və təhlükəsizliyin pozulmasına səbəb olan amil Əfqanıstanda etnik qarşıdurmaların və etnik qrupların artan intensivliyidir.
Bunu nəzərə alaraq, bu ölkədə davamlı sülhün və sabitliyin bərqərar olmasını təmin edən əsas amillərdən biri də Əfqanıstan cəmiyyətinin bütün təbəqələrinin iştirakı ilə çoxtərəfli dialoqun qurulmasıdır.
Bu baxımdan, ölkə əhalisinin 46%-dən çoxunu təşkil edən Əfqanıstan tacikləri, bu ölkənin digər etnik qrupları ilə birlikdə, dövlət idarəçiliyində layiqli yer tutmaq hüququna malikdirlər.
Cənab Sədr,
Bizim Əfqanıstanın daxili işlərinə qarışmaq niyyətimizi yoxdur.
Ancaq əminik ki, qonşu ölkənin siyasi məsələlərini və təhlükəsizlik problemlərini düzgün həll etmək üçün bütün siyasi qrupların, milli və etnik azlıqların iştirakı ilə, habelə seçki yolu və xalqın iradəsi ilə inklüziv bir hökumət qurmaq lazımdır.
Başqa sözlə, bu ölkədə hakimiyyət quruluşunun referendum yolu ilə və bütün ölkə vətəndaşlarının mövqeyini nəzərə alınmaqla müəyyən edilməsini zəruri hesab edirik.
Çünki bütün Əfqanıstan xalqının maraqlarını nəzərə almadan hər hansı bir hökumətin qurulması bu ölkədə fəlakətli nəticələrə gətirib çıxara bilər.
Əfqan xalqının günahı olmadığı və 40 ildən artıq davam edən müharibə, habelə qeyri-sabitlik dövründə Əfqanıstan geosiyasi oyunlar üçün meydana çevrildi və bunun nəticəsində 2001-ci ilin sentyabr ayında baş vermiş faciəli hadisələr dünyaya yaxşı məlumdur.
Əzabkeş Əfqanıstan və onun dost və qardaş xalqı yenidən qanlı müharibədə iştiraka vadar edilməməlidir, müharibə burulğanına düşməməlidir.
Buna əsaslanaraq beynəlxalq birlik Əfqanıstanda yaşayan xalqların, millətlərin və onun qonşularının taleyinə biganə qalmamalıdır.
Çünki onlar bu ölkədən xarici qoşunların çıxarılması ilə bağlı düşünülməmiş qərarın verilməsi nəticəsində yaranmış hərbi və humanitar problemlərlə dolu uzun bir yol qət etməlidirlər.
Yaxın qonşu olaraq biz həmişə Əfqanıstan probleminin hərtərəfli həllini və bu ölkədə davamlı sülhün və sabitliyin bərpasını müdafiə etmişik və bunda sonra da öz mövqeyimizdə möhkəm dayanacağıq.
Bununla əlaqədar olaraq, beynəlxalq birliyi çətin siyasi vəziyyəti və təhlükəsizliyi sabitləşdirmək, eləcə də sülh yolu ilə Əfqanıstanda sülh və sabitliyi təmin etmək üçün ən qısa müddətdə, yubanmadan effektiv tədbirlər görməyə çağırırıq.
Tacikistan dəfələrlə beynəlxalq təşkilatları, xüsusilə Birləşmiş Millətlər Təşkilatını və Beynəlxalq Qırmızı Xaç Komitəsini dərhal Əfqan xalqına təcili olaraq yardım göstərməyə çağırıb.
Hesab edirik ki, bu prosesin irəliləməsində Birləşmiş Millətlər Təşkilatının əsas rolu var.
Hörmətli həmkarlar,
Əfqanıstanın dinc xalqı bu gün dəhşətli zorakılıqla məruz qalıb.
Biz anlamalıyıq ki, bu vəziyyət kənardan təşkil olunub və Əfqanıstan xalqı buna məcbur edilib.
Bu vəziyyətdə söhbət Əfqanıstanın mülki vətəndaşlarından, milli təhlükəsizlik qüvvələrinin keçmiş işçilərindən və məmurlarından gedir.
Müxtəlif terror qrupları Əfqanıstandakı qeyri-sabit hərbi-siyasi vəziyyətdən fəal şəkildə istifadə edərək öz mövqelərini gücləndirirlər.
İŞİD, Əl-Qaidə və digər terror qruplaşmalarının minlərlə üzvünün həbsdən azad edilməsinin şahidi oluruq.
Başqa sözlə desək, bu gün Əfqanıstanın yenidən beynəlxalq terrorizmin ocağına çevrilməsi kimi təhlükəli yolda olması narahatlıq və təəssüf doğurur.
Coğrafi mövqeyinə görə terror, ekstremizm, radikalizm, narkotik ticarəti və digər transmilli mütəşəkkil cinayətkarlıq kimi müasir təhdid və çağırışlarla mübarizədə ön sırada olan Tacikistan, onların yayılmasının qarşısını almaq üçün səylərini davam etdirəcək və bu prosesdə beynəlxalq ictimaiyyətin dəstəyini vacib hesab edir.
Hörmətli həmkarlar,
Tacikistan hərtərəfli və davamlı sülh və sabitliyi təmin etmək üçün tərəfdaşlar və beynəlxalq təşkilatlarla, xüsusən də Birləşmiş Millətlər Təşkilatının əlaqədar qurumları ilə birgə və davamlı tədbirlər görür.
Tacikistan Respublikasının Terrorizm və Ekstremizmlə Mübarizəyə dair 2016-2020-ci illər üçün Milli Strategiyasının uğurla həyata keçirilməsi, yaxın beş ili əhatə edən Tacikistanda Terrorizm və Ekstremizmlə Mübarizəyə dair yeni Strategiyanın hazırlanması və qəbul edilməsi üçün əlverişli zəmin yaratdı.
Beynəlxalq terrorizmin maliyyələşdirilməsinin əsas mənbələrindən biri hesab edilən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə beynəlxalq ictimaiyyətin birgə fəaliyyətini və koordinasiyalı səylərini tələb edir.
Narkotik Vasitələrinin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə 2020 -ci ilə qədər Milli Strategiyanın həyata keçirilməsində əhəmiyyətli təcrübə toplayan Tacikistan Respublikası həmçinin bu arzuolunmaz fenomenlə mübarizəyə regional və beynəlxalq səviyyədə öz töhfəsini verir.
Bu fenomenlə mübarizədə müasir yanaşma və üsulları nəzərə alaraq və bu istiqamətdə effektiv siyasət aparmaq üçün biz cari ilin birinci yarısında Narkotiklərə Nəzarət üzrə 2021-2030-cu illər üçün Milli Strategiya qəbul etdik.
Cənab Sədr,
Biz Tacikistanda sülhün dəyərini, onu qorunmasının zəruriliyini və əhəmiyyətini yaxşı anlayırıq.
Bu baxımdan, ölkə ilə Birləşmiş Millətlər Təşkilatı arasındakı müsbət əməkdaşlıq təcrübəsini yüksək qiymətləndiririk.
Bu səbəbdən Tacikistan Birləşmiş Millətlər Təşkilatının sülhməramlı fəaliyyətini hər zaman dəstəkləmiş və münaqişə bölgələrində sülhün və sabitliyin bərpasına və qorunmasına kömək etmək üçün səy göstərməyə davam edəcəkdir.
Birləşmiş Millətlər Təşkilatının Sülhməramlı Əməliyyatlar Departamenti ilə əməkdaşlıq çərçivəsində gələcəkdə bu prosesə töhfə verəcək zabitlərimizin sayını artırmaq niyyətindəyik.
Bundan əlavə, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının məqsəd və vəzifələrinin həyata keçirilməsinə töhfə vermək və təhlükəsizlik təhdidlərinə qarşı mübarizənin aparılmasında, danışıqlar yolu ilə sülh və sabitliyi tam bərpa edilməsi sahəsində Tacikistanın zəngin təcrübəsini paylaşmaq məqsədi ilə ölkəmizin 2028-2029-cu illər üçün Şuraya qeyri-daimi üzvlüyə namizədliyinin irəli sürülməsinə dair qərar verdik.
Bu baxımdan, Birləşmiş Millətlər Təşkilatının bütün üzv ölkələri ilə əməkdaşlığa hazırıq və ümid edirik ki, onlar Tacikistanın namizədliyini dəstəkləyəcəklər.
Hörmətli həmkarlar,
Yuxarıda göstərilən təhlükəsizlik təhdidləri və aktual problemlərlə yanaşı COVID-19 xəstəliyi və onun daha təhlükəli yayılma dalğaları narahatçılığımıza səbəb olmağa davam edir.
Əvvəlcə səhiyyə böhranı olaraq başlayan xəstəlik, indi qlobal iqtisadi böhrana səbəb olub.
Pandemiyanın mənfi iqtisadi və sosial nəticələrinin aradan qaldırılmasında ölkələr arasında əməkdaşlığın əhəmiyyətini etiraf edərək Tacikistan Respublikası, Birləşmiş Millətlər Təşkilatının Baş Katibinin irəli sürdüyü COVID-19 xəstəliyinin yayılmasına qarşı hərtərəfli və əlaqələndirilmiş reaksiya tədbirləri planını alqışlayır.
Biz həmçinin Dünya Səhiyyə Təşkilatı da daxil olmaqla, Birləşmiş Millətlər Təşkilatının müxtəlif təşkilatlarının, fondlarının və proqramlarının Üzv Dövlətlərin bu xəstəliyə qarşı peyvəndlərlə təmin olunmasına və onlara təcili və uzun müddətli yardımın göstərilməsinə dair səylərini alqışlayırıq.
Ölkələrin iqtisadi və maliyyə göstəriciləri və COVID-19-un mənfi təsirləri, xüsusilə inkişaf etməkdə olan və zəif inkişaf etmiş ölkələr tərəfindən, Dayanıqlı İnkişaf Məqsədlərinin vaxtında yerinə yetirilməsi prosesini ləngidir.
Odur ki, bu məqsədlərə vaxtında və effektiv şəkildə nail olunmasında Birləşmiş Millətlər Təşkilatının mühüm rolunu etiraf edirik və əminik ki, “2020-2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədləri” üzrə Beynəlxalq Fəaliyyət Onilliyi çərçivəsində qlobal problemlərin, o cümlədən iqlim, yoxsulluq, gender bərabərsizliyi və maliyyələşdirmə problemlərinin effektiv həlli yolları tapılacaqdır.
Hörmətli həmkarlar,
İqlim dəyişiklikləri ilə bağlı çağırışlar Tacikistan daxil olmaqla müxtəlif ölkələrə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün ciddi bir maneədir.
Ərazisinin 93 faizi dağlarla əhatə olunan Tacikistan, bölgədəki digər ölkələrlə yanaşı, enerji və ərzaq təhlükəsizliyinə mənfi təsir edən güclü daşqınların və quraqlığın yaranmasına səbəb olan hidroloji dövranda baş verən dəyişikliklərdən narahatdır.
Təəssüf ki, ölkəmiz hər il su ilə bağlı fəlakətlər nəticəsində yüz milyonlarla dollar vəsait itirir və əksər hallarda təbii fəlakətlər insan tələfatına və həyati əhəmiyyət kəsb edən infrastrukturun məhvinə səbəb olur.
Bu gün biz Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Konvensiyasının 26 -cı sessiyasının ərəfəsindəyik.
Hesab edirik ki, bu görüş Paris Sazişinin məqsədlərinə çatmağa və beynəlxalq ictimaiyyətin iqlim dəyişikliyi ilə mübarizə səylərinin sürətləndirməsinə əhəmiyyətli töhfə verəcək.
Bu prosesin ciddi fəsadlarından biri də buzlaqların əriməsidir.
İqlim dəyişikliyi və misli görünməmiş qlobal istiləşmə nəticəsində Tacikistanın dağlarındakı 13000 buzlaqdan 1000-dən çoxu tamamilə əriyib.
Mövcud statistikaya görə, son onilliklərdə Tacikistan Respublikasında yerləşən təkcə Fedçenko Buzlağının sahəsi 11 kvadrat kilometr azalıb, buz kütləsinin itkisi isə 2 kub kilometr təşkil edib.
Baxmayaraq ki, Orta Asiyanın su ehtiyatlarının mənbələrinin 60%-ə qədərini Tacikistan buzlaqları təşkil edir.
Ölkəmiz karbon qazının atmosferə atılmasına görə dünyada 135 -ci yerdədir və elektrik enerjisinin 96% -i su elektrik stansiyalarında istehsal edilir.
Bu cür ölkənin lideri olaraq, dəfələrlə beynəlxalq konfranslarda iqlim dəyişikliyi ilə bağlı problemlərin həllini tapmaq üçün konkret təkliflərlə çıxış etmişəm.
Bu baxımdan, Ümumdünya Su və İqlim Koalisiyasının təsisçilər qrupunun üzvü olaraq, mən qurumun ilk yüksək səviyyəli toplantısında 2025-ci ili Beynəlxalq Buzlaqların Qorunması İli elan etməyi təklif etdim.
Əminik ki, bu təşəbbüs dünya ictimaiyyətinin diqqətini su və iqlim problemlərinin həllinə və buzlaqların əriməsi məsələsinə daha çox cəlb etməyə kömək edəcək.
Birləşmiş Millətlər Təşkilatının nəzdində Buzlaqların Qorunması üzrə Beynəlxalq Fondun yaradılması bu qlobal problemin effektiv həlli yolunun tapılması üçün təkliflərin verilməsi və hərtərəfli araşdırmanın aparılması istiqamətində atıla biləcək digər addımdır.
Cənab Sədr,
Tacikistan Dünya İnkişaf Gündəmində su və iqlim problemlərini təşviq etməklə və bu mövzularda Birləşmiş Millətlər Təşkilatının müvafiq qətnamələrini təqdim etməklə bu prosesi tanıyır və öz töhfəsini verir.
Hazırda Tacikistanın irəli sürdüyü və BMT tərəfindən elan edilən "Davamlı İnkişaf üçün Su, 2018-2028" Beynəlxalq Fəaliyyət Onilliyi həyata keçirilir.
Beynəlxalq ictimaiyyət, 2023-cü ildə Nyu-Yorkda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının hazırkı onilliyə dair geniş əhatəli orta müddətli icmal Konfransına ümid bəsləyir.
Təxminən 50 ildən sonra Birləşmiş Millətlər Təşkilatının su mövzusuna həsr etdiyi ikinci xüsusi konfransı su problemlərinin qlobal inkişaf gündəmində və Dayanıqlı İnkişaf Məqsədlərinə çatılmasında mühüm rolunu bir daha nümayiş etdirəcək.
Fəxr edirik ki, Tacikistan Niderland Krallığı ilə birlikdə bu mühüm beynəlxalq forumun həmsədri seçilmişdir.
Bununla əlaqədar olaraq, Niderland Krallığı və Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Məsələlər üzrə Departamenti daxil olmaqla tərəfdaşlarımızla hazırlıq işlərinə başlamışıq və geniş əhatəli, yüksək səviyyəli bir konfrans təşkil etmək üçün addımlar atırıq.
Bütün maraqlı tərəfləri bu prosesdə fəal əməkdaşlığa dəvət edirik.
Xatırladaq ki, ölkəmiz həmçinin 2022-ci ildə "Davamlı İnkişaf üçün Su" Beynəlxalq Fəaliyyət Onilliyinin icmalı üzrə yüksək səviyyəli beynəlxalq konfransa ev sahibliyi edəcək.
Əminik ki, bu forum 2023-cü ilin Su Konfransına hazırlıq işlərində əhəmiyyətli rol oynayacaq.
Fürsətdən istifadə edərək, bir daha ölkəmin, xüsusilə Birləşmiş Millətlər Təşkilatı ilə əməkdaşlıq çərçivəsində, bütün səviyyələrdə su və iqlim problemlərini təşviq etməyə hazır olduğunu bildirirəm.
Diqqətinizə görə təşəkkür edirəm.