(Qeyri -rəsmi tərcümə)
Cənab Prezident Emoməli Rəhmon,
İlk növbədə Sizi bu gün Şanxay Əməkdaşlıq Təşkilatının zirvə görüşünün uğurla keçirilməsi münasibətilə ürəkdən təbrik etmək istəyirəm.
İkincisi, Tacikistana rəsmi səfərim zamanı bizə göstərdiyiniz səmimi qonaqpərvərliyə görə nümayəndə heyətim adından Sizə təşəkkürümü bildirirəm.
İki ölkə arasındakı ticarət, qarşılıqlı əlaqələr, Tacikistandan Hind Okeanına gedən ən qısa yol və Pakistan ərazisindən keçən dənizə çıxış daxil olmaqla geniş mövzuları müzakirə etdik.
Bu səbəbdən, istər toxuculuq, istər əczaçılıq, istər turizm sənayesində ticarətdən necə qarşılıqlı fayda əldə edə biləcəyimizi müzakirə etdik.
Amma bu gün ən vacib mövzu və iki ölkəmizi ən çox narahat edən məsələ Əfqanıstandır.
Cənab Prezidentin də dediyi kimi, Əfqanıstanda sülhün bərpası təkcə Tacikistan və Pakistan üçün deyil, xüsusilə əzabkeş Əfqanıstan xalqı üçün, qırx ildir ki, münaqişənin davam etdiyi bir ölkə və bu münaqişədən əziyyət çəkən ölkə əhalisi üçün son dərəcə vacibdir.
Beləliklə, mövcud vəziyyəti nəzərə alaraq, gələcəkdə bu ölkədə sülh və sabitliyin bərqərar olması üçün zəmanət verə biləcəklərimizi və bütün mümkün həll yollarını müzakirə etdik.
Pancşerdə taciklər ilə taliblər arasında yaşanan münaqişə ölkələrimizdə narahatlığa səbəb olub.
Bu gün biz elə bir qərara gəldik ki, əlimizdən gələni edəcəyik, siz, cənab Prezident, taciklərə olan təsirinizdən istifadə edəcəksiniz, biz isə puştunlarla və ya taliblərlə bağlı əlimizdən gələni edəcəyik. Aralarındakı mövcud fikir ayrılıqlarını dialoq yolu ilə həll etmələri üçün əlimizdən gələni edəcəyik.
Biz israrla onları çoxmillətli Əfqanıstan üçün vacib olan inklüziv hökumət qurumağa çağıracağıq.
Əfqanıstanda əhalinin 45 faizini puştunlar təşkil edir, taciklər ən böyük milli azlıqdır. Bu ölkədə həzərə və özbəklər də var. Beləliklə, Əfqanıstanda davamlı sülh yalnız inklüziv hökumət olduqda mümkündür.
Bununla əlaqədar olaraq bütün səylərimizi səfərbər edəcəyik, hər hansı ölkəyə əmr edə bilməyəcəyimizi bildiyimiz halda, onlara təkidlə çağırış edəcəyik və Əfqanıstanın dostları kimi problemlərin həllinə, xüsusilə Pəncşər Vadisində taciklər ilə taliblər arasında yaranmış mövcud vəziyyəti həll etmələrinə təşviq etmək üçün əlimizdən gələni edəcəyik.
Biz eyni zamanda humanizmə əsaslanaraq onları bölgəyə göndərilən humanitar yardımın alınmasını təmin etmək üçün tətbiq edilən blokadanı aradan qaldırmağa çağıracağıq.
Cənab Prezident, bu mərhələdə deyə bilərik ki, bu gün biz Əfqanıstan tarixi üçün dönüş nöqtəsi olan bir məsələni ətraflı müzakirə etdik.
Əfqanıstanda vəziyyət iki ssenari üzrə inkişaf edə bilər: biri - son qırx il ərzində təmin edilməyən uzunmüddətli sülhə doğru, və ya təəssüf ki, daha qorxunc bir istiqamət üzrə - daha böyük münaqişəyə, humanitar böhrana və daha çox sayda qaçqınların olmasına, terrorçular tərəfindən idarə olunan qeyri-sabit Əfqanıstana doğru. Ən azı üç fərqli terror qrupu Pakistanda terror aktlarını təşkil etmək məqsədi ilə Əfqanıstan torpaqlarından istifadə etmişdir.
Belə ki, faktiki olaraq beynəlxalq ictimaiyyətin hər bir üzvü Əfqanıstanda sülhün və sabitliyin bərqərar olunmasında maraqlıdır.
Beləliklə, bu gün razılaşdığımız kimi, sülh yalnız inklüziv hökumətin qurulması ilə əldə edilə bilər. Bütün fraksiyalar, etnik qruplar hökumətdə təmsil olunmalıdırlar ki, bu da davamlı sülhə səbəb olacaq.
Cənab Prezident, bir daha heyətimiz adından hər kəsi heyran edən isti və səmimi qonaqpərvərliyə görə Sizə minnətdarlığımı bildirirəm. Tərəqqi gördük, yeni ucalan binalar və abadlıq işlərinin aparılmasını gördüm.
Siz həqiqətən də ölkənizi inkişaf etdirməyə çox niyyətlisiniz, bu da nümayəndə heyətimi çox təsirləndirdi. Bu nailiyyətlər münasibətilə sizi təbrik etmək istəyirəm.
Təşəkkür edirəm.